Bu barədə Trend -ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda da kibercinayətkarlıq və zərərli məlumatlarla mübarizə istiqamətində mühüm addımlar atılıb:

"Kibertəhlükəsizlik sahəsində xüsusi proqramlar qəbul olunub, uşaqların zərərli məlumatlardan qorunmasına yönəlmiş qanunvericilik bazası formalaşdırılıb. İnzibati xətalar və Cinayət Məcəlləsi çərçivəsində müvafiq dəyişikliklər aparılsa da, mövcud tədbirlərin hələ də kifayət etmədiyi qənaəti mövcuddur".

Elgün Səfərov qeyd edib ki, Avropa və digər regionların təcrübəsi uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətlərinin tətbiqi getdikcə daha geniş yayıldığını göstərir. Onun sözlərinə görə,bBu yanaşmanın əsas məqsədi uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etməkdir:

"Eyni zamanda, onlayn oyunlarda zorakılıq və nifrət elementlərinin artması da əlavə risklər yaradır. Buna görə də həm regional, həm də milli səviyyədə qanunvericilik aktlarının təkmilləşdirilməsi zəruri hesab olunur. Qanunvericilik sahəsində davamlı islahatlar mütləqdir. Son illərdə geniş istifadə olunan "kiberbulinq" anlayışı uşaqların və yeniyetmələrin onlayn mühitdə zorakılıq, təhdid və təzyiqlərə məruz qalmasını ifadə edir. Sosial platformalarda yayılan məlumatların bir qismi bu riskləri daha da artırır.

Bütün bunları nəzərə alaraq, ölkədə qəbul edilən yeni "Uşaq hüquqları haqqında" qanun uşaqların müdafiəsi baxımından müsbət addım kimi qiymətləndirilsə də, kibertəhlükəsizlik və sosial platformalardakı risklərin qarşısının alınması məsələləri daha geniş şəkildə əhatə olunmalıdır".

Komitə rəsmisinin sözlərinə görə, rəqəmsal transformasiya və uşaq hüquqlarının qorunması insan hüquqları çərçivəsində yanaşma tələb edir. Onlayn mühitdə təhlükəsiz, şəffaf və etibarlı sistemin qurulması bu baxımdan xüsusi əhəmiyyət daşıyır:

"Azərbaycan Respublikasında rəqəmsal platformaların inkişafı və təşviqi ilə yanaşı, milli qanunvericilikdə təkmilləşmə işləri davam etdirilməlidir. Gələcəkdə qəbul olunacaq uşaq hüquqları strategiyalarında bu məsələlər xüsusi olaraq nəzərə alınmalıdır. Eyni zamanda, mövcud qanunvericilik aktlarında da kibercinayətkarlıqla mübarizə, kiberinsan alveri, kiberbulinq və maliyyə məqsədli qeyri-qanuni onlayn oyunlar kimi risklər daha aydın şəkildə əks etdirilməlidir", - Elgün Səfərov əlavə edib.