Day.Az xəbər verir ki, bunu baş nazir son parlament seçkilərindən sonra keçirilən mətbuat konfransında verib.

Paşinyan hakim Vətəndaş Müqaviləsi Partiyasının qələbəsinin icra hakimiyyətinə köhnə siyasi və maliyyə sistemini tamamilə dağıtmaq üçün aydın bir mandat verdiyini vurğulayıb. Eyni zamanda, baş nazir rəqiblərini klassik siyasi rəqib hesab etməkdən imtina etdi və onları əvvəlki rejimin strukturları adlandırıb.

"Bu məsələ ilə bağlı mövqeyimiz dəyişməyib. Bu qüvvələrin rəhbərləri Ermənistan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşımalıdırlar. Onlar ictimaiyyətə artıq məlum olan hallara görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Nəticə etibarı ilə, bu qüvvələr siyasi qüvvələr deyil. Onlar oliqarxik sistemi təmsil edirlər. Bütün cinayətkar-oliqarxik klan qanun qarşısında məsuliyyət daşımalı və qanunsuz yolla əldə edilmiş bütün əmlak müsadirə olunmalıdır", - deyə N. Paşinyan bildirib.

O, xüsusilə "müharibə partiyası"na və "iqtisadi talan partiyasına" qarşı yönəlmiş hüquqi prosedurların gücləndirilməsinin vacibliyini qeyd edərək, onların aradan qaldırılmasının yeni administrasiya üçün əsas siyasi vəzifə olduğunu vurğuladı.

"Kriminal-oliqarxik sistemin qanunsuz yolla əldə etdiyi aktivlərdən məhrum edilməsi qanunsuz mənşəli əmlakın müsadirəsi mexanizmləri, cinayət təqibi, dövlət maraqlarının müdafiəsi sistemi və icma maraqlarının qorunması sistemi vasitəsilə xeyli daha sürətli və yüksək templə həyata keçirilməlidir. Onların Ermənistan Respublikasında fəaliyyət göstərməsi üçün heç bir imkan qalmamalıdır", - deyə Paşinyan bildirib.