Demokratiya haqqında dərs verənlər niyə pozuntuları görmür?

Qərb institutları uzun illərdir, müxtəlif dövlətlərdə keçirilən seçkilərlə bağlı sərt hesabatlar hazırlayır, hökumətləri tənqid edir və demokratiya standartlarının qorunmasının vacibliyini vurğulayırlar. Bu prosesdə əsas rol oynayan qurumlar sırasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ODİHR), Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa Parlamentinin seçki müşahidə missiyaları xüsusi yer tutur.

Lakin Ermənistanda müşahidə olunan proseslər həmin institutların obyektivliyinə dair ciddi suallar yaradır. Çünki seçki kampaniyası dövründə baş verən çoxsaylı qanun pozuntuları, inzibati təzyiqlər və xarici müdaxilə faktları açıq şəkildə görünməsinə baxmayaraq, bu, qurumların hesabatlarında və bəyanatlarında, demək olar ki, öz əksini tapmır. Nəticədə demokratiyanın müdafiəçisi kimi çıxış edən qurumların seçici yanaşma nümayiş etdirdiyi qənaəti daha da güclənir.

İnzibati resursların total səfərbərliyi

Ermənistanda seçki mühiti ilə bağlı diqqət çəkən əsas məqamlardan biri dövlət aparatının bütün imkanlarının siyasi prosesə cəlb edilməsidir. Hakimiyyət seçki kampaniyası dövründə inzibati resursları maksimum səviyyədə səfərbər etməklə siyasi rəqabətin bərabər şərtlər daxilində aparılması prinsipini faktiki olaraq pozur.

Demokratik seçkinin əsas şərtlərindən biri dövlət strukturlarının neytrallığının qorunmasıdır. Lakin Ermənistan nümunəsində dövlət resurslarının hakim siyasi qüvvənin maraqlarına xidmət etməsi barədə çoxsaylı məlumatlar mövcuddur. Buna baxmayaraq, seçki prosesini müşahidə etdiyini bildirən beynəlxalq qurumlar bu məsələyə lazımi diqqət göstərmirlər.

Səs alveri: müxtəlif valyutalar, eyni metod

Ermənistanda seçki kampaniyasının ən ciddi problemlərindən biri də seçici iradəsinin maliyyə vasitələri ilə təsir altına alınmasıdır. Məlumatlara görə, regionlarda bir səsin qiyməti təxminən 10-25 ABŞ dolları arasında dəyişir. Daha diqqətçəkən məqam isə budur ki, bu praktikadan yalnız bir siyasi qüvvə deyil, müxtəlif tərəflər istifadə edir.

Mövcud məlumatlar göstərir ki, Avropa dairələri yerli qeyri-hökumət təşkilatları vasitəsilə müəyyən maliyyə resursları ayıraraq seçki prosesinə təsir göstərməyə çalışırlar. Digər tərəfdən, iş adamı Samvel Karapetyanın da oxşar metodlardan yararlandığı bildirilir. Beləliklə, mahiyyət etibarilə eyni üsul tətbiq olunur: seçicinin qərarına maliyyə vasitəsilə təsir göstərmək cəhdi.

Bu prosesdə fərq yalnız maliyyə mənbələrinin və valyutaların dəyişməsində özünü göstərir. Bir tərəfdən vəsaitlər avro ilə dövriyyəyə buraxılırsa, digər tərəfdən rublla maliyyələşdirmə həyata keçirilir. Nəticədə seçici iradəsinin azad ifadəsinə kölgə salan mexanizm dəyişməz qalır.

Təzyiq siyasəti: həbslər və hərbi toplanışlar

Seçki prosesində narahatlıq doğuran digər istiqamət isə hakimiyyət tərəfindən həm siyasi rəqiblərə, həm də seçicilərə qarşı tətbiq edilən təzyiq vasitələridir.

Müxtəlif məlumatlara əsasən, bəzi partiya funksionerlərinin həbsi və hüquq-mühafizə tədbirləri seçki kampaniyası dövründə siyasi rəqabətə təsir göstərən amillərdən biri kimi qiymətləndirilir. Bu cür addımlar rəqib qüvvələrin fəaliyyət imkanlarını məhdudlaşdırmaqla yanaşı, cəmiyyətdə də qorxu atmosferinin formalaşmasına səbəb olur.

Bununla yanaşı, səsvermədə iştirak etmək məqsədilə Rusiyadan Ermənistana gələn vətəndaşlarla bağlı tətbiq edilən tədbirlər də ciddi müzakirə mövzusudur. Hava limanında həmin şəxslərin hərbi uçota alınması və sonradan hərbi toplanışlara cəlb edilməsi barədə yayılan məlumatlar seçicilərə dolayı təzyiq forması kimi dəyərləndirilə bilər. Belə halların mövcudluğu seçki azadlığı prinsipinin nə dərəcədə qorunduğu ilə bağlı sualları daha da artırır.

Xarici müdaxilə yalnız bir istiqamətdən gəlmir

Ermənistanda baş verən proseslərin təhlili göstərir ki, seçkilərə təsir cəhdləri yalnız daxili faktorlarla məhdudlaşmır. Həm Rusiya, həm də Qərb müxtəlif üsullarla siyasi proseslərə müdaxilə etməkdə ittiham olunur.

Rusiya istiqamətindən baxdıqda Ermənistan vətəndaşı olan şəxslərin səsvermədə iştirak etmələri üçün ölkəyə göndərilməsi barədə məlumatlar gündəmə gəlir. Bu, seçki prosesinə kənar təsir mexanizmi kimi qiymətləndirilir.

Digər tərəfdən Qərb dairələrinin də neytral müşahidəçi mövqeyindən uzaqlaşdığı müşahidə olunur. Müəyyən siyasi namizədin açıq şəkildə dəstəklənməsi və onun xeyrinə təbliğat aparılması barədə faktlar seçki prosesinin beynəlxalq standartlarına uyğun gəlmir. Bu kontekstdə Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısının keçirilməsi də təsadüfi hadisə kimi deyil, konkret siyasi məqsədlərə xidmət edən addım kimi qiymətləndirilir.

Beləliklə, Ermənistan seçkilərində üç müxtəlif istiqamətdən problem müşahidə olunur: Rusiya tərəfindən seçki prosesinə təsir cəhdləri, Qərbin müəyyən siyasi fiquru dəstəkləyən fəaliyyəti və Ermənistan hakimiyyətinin daxili inzibati təzyiq alətlərindən istifadə etməsi.

Susqun müşahidəçilər və ikili standartların ifşası

Ən diqqətçəkən məqam isə bütün bu proseslərin fonunda beynəlxalq müşahidə missiyalarının nümayiş etdirdiyi səssizlikdir. Normal şəraitdə seçki prosesində səs alveri, inzibati resurslardan istifadə, siyasi rəqiblərin təqibi, seçicilərə təzyiq və xarici müdaxilə kimi hallar ciddi narahatlıq doğurmalı, beynəlxalq hesabatlarda geniş yer almalı idi.

Lakin Ermənistan məsələsində fərqli mənzərə ortaya çıxır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin seçki missiyaları bütün bu iddialara və faktlara qarşı ya tam susqun qalır, ya da onları ikinci dərəcəli məsələ kimi təqdim edirlər. Bu isə həmin qurumların obyektivlik və qərəzsizlik prinsiplərinə sadiqliyi ilə bağlı şübhələri daha da gücləndirir.

Əgər demokratiya və insan hüquqları həqiqətən universal dəyərlərdirsə, onların tətbiqi də hər bir ölkəyə münasibətdə eyni olmalıdır. Ermənistan nümunəsi göstərir ki, Qərbin bəzi siyasi institutları üçün əsas meyar prinsiplər deyil, geosiyasi maraqlardır. Məhz buna görə də bir çox hallarda açıq şəkildə görünən seçki pozuntuları diqqətdən kənarda saxlanılır, demokratiya isə siyasi təsir alətinə çevrilir. Bu yanaşma yalnız beynəlxalq institutların nüfuzuna zərbə vurmur, eyni zamanda demokratik dəyərlərin özünün etibarlılığına da ciddi xələl gətirir.