O bildirib ki, iki dövlət proqramının icrası çərçivəsində məcburi köçkün və qaçqınlar üçün ölkəmizin 30 şəhər və rayonlarında 121 yeni qəsəbə və bütün zəruri sosial-texniki infrastrukturla təchiz olunmuş hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb, 62 min məcburi köçkün ailəsi, 300 mindən çox soydaşımız həmin qəsəbələrdə, yaşayış komplekslərində mənzillərlə təmin olunub. Dövlət tərəfindən görülən tədbirlərin nəticəsində onların məşğulluq imkanları artırılıb, yoxsulluq həddi minimuma endirilib.

Eyni zamanda, qanunvericilik sahəsində də çox mühüm addımlar atılıb. Qaçqınlardan fərqli olaraq ölkə daxilində köçürülmüş şəxslərlə bağlı beynəlxalq praktikada imperativ xarakter daşıyan heç bir beynəlxalq konvensiyası mövcud deyil və yeganə sənəd "Daxili yerdəyişmə üzrə rəhbər prinsiplərdir" ("Guiding Principles on Internal Displacement") ki, o da "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlar qəbul edildikdən sonra təsdiqlənib. Bu siyasət Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilərək, zənginləşdirilərək ardıcılıqla davam etdirilib.