Nepal­dan olan ziyarətçi Gordon Rasai bildirib ki, burada sərgilənən layihələr mühəndis kimi onu çox təsirləndirib:

"Poke Nepal şirkətində mühəndis işləyirəm. Buradakı layihələr məni çox heyrətləndirdi. Sanki real tikinti sahəsini ziyarət edirəm kimi bir hissə qapıldım. İnşa olunan yaşayış, kommersiya və biznes sahələri təkrarsız kimi görünür. Bu sahəni ziyarət etdiyim üçün çox məmnunam".

"Sea Breeze Real Estate"-nin satış mütəxəssisi Riyad Abdulov isə stend və sərgilənən layihələr haqqında ümumi məlumat verib. Onun sözlərinə görə, hazırda ərazidə birinci faza üzrə 750 hektarlıq sahə üzrə işlər həyata keçirilib. Riyad Abdulov bildirib ki, ikinci fazada isə layihə genişləndirilərək təxminən 1000 hektaradək ərazini əhatə edir:

"Sahil xəttinin uzunluğu 7 kilometrdir və gələcək inkişaf planlarına əsasən bu göstəricinin 23 kilometrə qədər artırılması nəzərdə tutulur. Bu da layihəni miqyas baxımından təxminən Nyu-Yorkdakı Manhattan ilə müqayisə edilə biləcək səviyyəyə yaxınlaşdırır. Layihə çərçivəsində müxtəlif yaşayış, kommersiya və infrastruktur obyektlərinin tikintisi planlaşdırılır. Onların sırasında "Cipriani Tower" xüsusi yer tutur. Bildirilib ki, 323 metr hündürlüyə malik olacaq bu bina Azərbaycanın ən hündür tikilisi olacaq".

Satış mütəxəssisi əlavə edib ki, ərazidə "Royale Casino" layihəsi də stenddə təqdim olunub:

"Bu obyekt Avropanın ən böyük, dünyanın isə beşinci ən böyük kazinosu kimi planlaşdırılır və Sea Breeze kompleksinin mühüm hissəsini təşkil edəcək".

O həmçinin, layihəyə əcnəbi ziyarətçilərin də xüsusi diqqət, maraq göstərdiyini, gələcəkdə turist axınının, beynəlxalq qonaqların artacağının gözlənildiyini vurğulayıb.