O bildirib ki, aşağı gəlirli icmalar hava çirklənməsindən daha çox əziyyət çəkirlər. Bunun əsas səbəbi isə onların iri magistral yolların, sənaye zonalarının, tullantıların yandırıldığı ərazilərin yaxınlığında və ya keyfiyyətsiz yaşayış şəraitində məskunlaşmalarıdır.

"Əgər şəhərdə hava keyfiyyətinin xəritəsinə baxsaq, ən həssas və risk altında olan əraziləri də görə bilərik. Məhz həmin məkanlarda tədbirlər həyata keçirilməlidir, çünki hava çirkliliyindən ən çox həmin insanlar zərər görür", - deyə o qeyd edib.

Sesiliya Vaka Cons vurğulayıb ki, Dünya Bankının məlumatına əsasən, yalnız PM2.5 emissiyalarının sağlamlığa vurduğu zərərin illik iqtisadi dəyəri təxminən 8 trilyon ABŞ dolları təşkil edir ki, bu da qlobal ÜDM-in təxminən 6 faizinə bərabərdir.

"Bu, təkcə səhiyyə xərcləri deyil. Hava çirkliliyi məhsuldarlığın azalmasına, xəstəxanalara müraciətlərin artmasına, məktəb buraxılışlarına və ailələr üzərində əlavə yükə səbəb olur. Profilaktika əksər hallarda müalicədən daha ucuz başa gəlir", - deyə o bildirib.

Onun sözlərinə görə, şəhərlər insanların çirklənmiş havaya məruz qalmasını azalda bilsə, həm səhiyyə sistemləri üzərindəki təzyiqi azaltmış, həm də həyat keyfiyyətini yüksəltmiş olar.

"Qarşısı alınan hər astma tutması, hər xəstəxana müraciəti və rahat nəfəs alan hər bir uşaq ailələr, şəhərlər və səhiyyə sistemi üçün qənaət deməkdir", - deyə icraçı direktor qeyd edib.

O əlavə edib ki, təmiz hava iqtisadi inkişafın əleyhinə deyil və dayanıqlı inkişafla paralel şəkildə təmin oluna bilər.

"Bəzi insanlar düşünür ki, ekoloji tədbirlər iqtisadi artımı zəiflədir. Halbuki kifayət qədər sübut var ki, daha dayanıqlı şəhərlər daha sürətli inkişaf edir. Çirkli hava inkişafın qaçılmaz nəticəsi deyil"

, - deyə Sesiliya Vaka Cons vurğulayıb. İcraçı direktorun sözlərinə görə, əsas məsələ hava keyfiyyətinin görünən, ölçülə bilən və siyasi gündəliyin əsas mövzularından birinə çevrilməsidir.

"Şəhərlər özlərinə sual verməlidir: hava keyfiyyəti prioritet hesab olunurmu? Bu gün inkişaf edən şəhərlər göstərir ki, təmiz hava daha keyfiyyətli inkişafın tərkib hissəsidir", - deyə o bildirib.

Sesiliya Vaka Cons qeyd edib ki, hava keyfiyyəti ilə bağlı məlumatların toplanması görünməyən problemin görünən hala gətirilməsinə kömək edir.

"Məlumatlar hava çirkliliyinin mənbələrini, ən çox təsirlənən əraziləri və həssas qrupları müəyyən etməyə imkan verir. Bu isə siyasətçilərə daha düzgün qərarlar qəbul etməkdə kömək edir. Lakin yalnız məlumat kifayət deyil. İnsanlar bu məlumatlara etibar etməli və onları başa düşməlidirlər", - deyə o əlavə edib.

O bildirib ki, icmaların prosesə cəlb olunması və vətəndaş iştirakçılığı da mühüm rol oynayır. Bu yanaşma insanların davranışlarını dəyişməsinə və hava keyfiyyətinin yaxşılaşdırılması istiqamətində fəal iştirakına şərait yaradır. Çıxışı zamanı Sesiliya Vaka Cons müxtəlif şəhərlərdə həyata keçirilən uğurlu təcrübələrdən də danışıb. O, Kolumbiyanın paytaxtı Boqotada həyata keçirilən "SUMA" təşəbbüsünü nümunə göstərib.

"Bu proqram ən həssas məhəllələrdə tətbiq olunur. Layihə çərçivəsində şəhər planlaşdırılması, yaşıl infrastruktur, mənzil şəraiti və ictimai məkanların inkişafı bir-biri ilə əlaqəli şəkildə həyata keçirilir və hava keyfiyyəti müdaxilələrdən əvvəl, müdaxilə zamanı və sonra ölçülür", - deyə o bildirib.

Onun sözlərinə görə, belə yanaşma yalnız hava keyfiyyətini deyil, insanların ümumi həyat səviyyəsini də yaxşılaşdırır.

"Əgər məhəllədə daha çox ağac, yaşıl infrastruktur, keyfiyyətli mənzil və ictimai məkan varsa, bu həm havanın keyfiyyətinə, həm də insanların həyat keyfiyyətinə müsbət təsir göstərir"

, - deyə Sesiliya Vaka Cons vurğulayıb.