WUF13 şəhər problemlərinin həlli üçün mühüm platformadır

Bunu Əfqanıstan Milli Ətraf Mühitin Mühafizəsi Agentliyinin Davamlı İnkişaf üzrə direktoru Cavidullah Həməd WUF13 çərçivəsində Trend -ə açıqlamasında deyib.

Cavidullah Həməd bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ölkələr və liderlər üçün şəhərsalma, iqlim dəyişiklikləri, ətraf mühit və dayanıqlı inkişaf sahəsində problemlərin birgə müzakirəsi baxımından mühüm imkanlar yaradır.

Onun sözlərinə görə, forum təhlükəsiz yaşayış mühiti və təhlükəsiz mənzil təminatı ilə bağlı həll yollarının müzakirəsi üçün vacib platformadır.

Direktor qeyd edib ki, xüsusilə həssas əhali qruplarının və yerli icmaların müdafiəsi əsas prioritetlərdən biridir.

Cavidullah Həməd vurğulayıb ki, forum çərçivəsində əldə olunacaq əməkdaşlıq və təşəbbüslər insanların əsas xidmətlərə çıxışının genişləndirilməsi, yeni iş imkanlarının və "yaşıl iş yerlərinin" yaradılması baxımından əhəmiyyət daşıyır.

"Əfqanıstan şəhərsalma problemləri baxımından ən həssas ölkələrdən biridir və ölkədə qeyri-formal yaşayış məntəqələri, infrastruktur çatışmazlığı və digər şəhərsalma problemləri ciddi çağırış olaraq qalır. Bu cür beynəlxalq forumlar və maliyyə dəstəyi mexanizmləri Əfqanıstanın şəhər problemlərinin həllinə və dayanıqlı inkişaf məqsədlərinə çatmasına kömək edə bilər", - deyə o əlavə edib.