Cənubi Qafqazda artan diplomatik fəallıq fonunda Azərbaycanın baş verən proseslərdə rolu getdikcə daha nəzərə çarpır. Son aylarda Litvanın Baş naziri İnqa Şimonite, Latviya Prezidenti Edqars Rinkeviçs və Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə səfərləri bu dinamikanın sistematik, təsadüfi olmadığını təsdiqləyir. Bu proseslər göstərir ki, Azərbaycan beynəlxalq arenada artıq təkcə enerji tərəfdaşı kimi deyil, həm də siyasi dialoq və çoxtərəfli əməkdaşlıq üçün etibarlı platforma kimi qəbul edilir. Xüsusilə, Avropa ölkələrinin Azərbaycana artan marağı onların regional sabitliyin təmin edilməsi, enerji təhlükəsizliyi və yeni nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı strateji məqsədlərindən qaynaqlanır.

Ukrayna Prezidenti və Çexiya Baş nazirinin Qəbələdə görüşü xüsusi diqqət çəkir. Bu, təkcə yeni protokol yanaşmasının formalaşdığına dəlalət etmir, həm də regionların diplomatik xəritədə rolunun artırılması siyasətinin bir hissəsidir. Əvvəllər Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Toplantısının keçirilməsi artıq bu şəhərin strateji əhəmiyyətinin artmasına töhfə vermişdi. Bu o deməkdir ki, Qəbələ Bakı və Şuşa ilə yanaşı, tədricən yeni diplomatik mərkəz kimi formalaşır.

Siyasi dialoqdan investisiya və enerji əməkdaşlığına yol

Çexiya Baş nazirinin səfərini müşayiət edən geniş tərkibli biznes nümayəndə heyəti səfərin əsas prioritetlərindən birinin iqtisadi əməkdaşlığın inkişafı olduğunu göstərir. Biznes forumun keçirilməsi iki ölkənin iş dairələrini birləşdirmək və yeni investisiya və ticarət imkanlarının açılması üçün şərait yaratmaq məqsədi daşıyır. Bu, münasibətlərin təkcə siyasi deyil, həm də iqtisadi müstəvidə dərinləşdiyinə işarədir.

Azərbaycan-Çexiya münasibətlərinin institusional bazasının təhlili göstərir ki, ölkələrimiz arasında əməkdaşlıq möhkəm təmələ malikdir və çoxillik təcrübəyə əsaslanır. 2011-ci ildən etibarən İqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir ki, bu da qarşılıqlı fəaliyyətin əsas mexanizmidir. Keçən ilin iyun ayında Praqada xarici işlər nazirlikləri arasında keçirilən siyasi məsləhətləşmələr də dialoqun davamlı xarakterini təsdiqləyir. Eyni zamanda, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək iki ölkənin siyasi yaxınlaşmasını möhkəmləndirir. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin intensivliyi də münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Belə ki, Azərbaycan Prezidenti Çexiya Respublikasına ümumilikdə dörd səfər edib. Çexiya Prezidentləri ölkəmizə iki dəfə, Çexiya Baş naziri isə bir dəfə səfər edib.

Keçən il 814,73 milyon ABŞ dollarına çatan ticarət dövriyyəsi iqtisadi əlaqələrin dinamik inkişafından xəbər verir. Çexiya Azərbaycanın altıncı ən böyük ixrac tərəfdaşıdır və Avropa İttifaqı ölkələri arasında dördüncü yerdədir. Bu fakt Azərbaycanın Avropa bazarında mövqelərinin möhkəmlənməsini nümayiş etdirir.

Enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Çexiyaya xam neft ixrac edir və 2025-ci ildə bu ölkə İtaliyadan sonra ikinci ən böyük idxalçı olub. Bununla yanaşı, Çexiya tərəfi bərpa olunan enerji, enerji səmərəliliyi və hidrogen sahələrində əməkdaşlığa maraq göstərir. Bu, münasibətlərin ənənəvi enerji modelindən daha innovativ istiqamətlərə keçidindən xəbər verir.

Çexiya şirkətlərinin Azərbaycanda, o cümlədən bərpa olunan enerji sahəsində fəal iştirakı qeyd olunur. Konkret misal olaraq, Naxçıvanda 500 MVt gücündə fotovoltaik elektrik stansiyasının tikintisi layihəsində iştirak, həmçinin hidroenerji avadanlıqlarının tədarükü imkanlarının öyrənilməsi göstərilə bilər.

İnvestisiya göstəriciləri də əməkdaşlığın balanslı xarakterini əks etdirir: 1995-2025-ci illərdə qarşılıqlı investisiyalar təxminən eyni səviyyədə olub. Azərbaycanda Çexiya kapitalı ilə şirkətlərin müxtəlif sahələri əhatə edən fəaliyyəti iqtisadi əlaqələrin diversifikasiyasından xəbər verir.

2022-ci ildən Bakı ilə Praqa arasında birbaşa aviareyslərin bərpası ölkələr arasında əlaqələri xeyli asanlaşdırıb. Həftədə üç dəfə yerinə yetirilən reyslər həm iş, həm də turizm əlaqələrinin inkişafına töhfə verir.

Azərbaycan-Çexiya münasibətlərinin yeni mərhələyə keçidi

2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin edib. Bu sənəd təkcə siyasi deyil, həm də iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün bir növ yol xəritəsi oldu. Eyni zamanda, ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüququn əsas prinsiplərinə dəstək bu tərəfdaşlığın dəyər əsasını vurğulayır.

Çexiya Baş nazirinin səfəri fonunda aydın olur ki, Azərbaycan artıq təkcə regional deyil, həm də daha geniş coğrafi məkanda strateji tərəfdaş kimi qəbul edilir. Diplomatik fəallığın artması, Qəbələ kimi yeni mərkəzlərin ön plana çıxması, həmçinin iqtisadi qarşılıqlı fəaliyyətin dərinləşməsi ölkənin beynəlxalq sistemdə rolunun möhkəmlənməsini təsdiqləyir. Bu proseslər həm də Azərbaycanın Avropa ilə münasibətlərində qarşılıqlı maraqlara əsaslanan daha praqmatik yanaşmanın formalaşdığına dəlalət edir. Bununla yanaşı, enerji təhlükəsizliyi, alternativ təchizat marşrutları və "yaşıl" enerji gündəliyi kimi istiqamətlər ikitərəfli əməkdaşlığın yeni konturlarını müəyyən edir.

Qarşılıqlı siyasi etimadın möhkəmlənməsi, yüksək səviyyəli səfərlərin intensivliyi və institusional mexanizmlərin səmərəli fəaliyyəti bu münasibətlərin davamlı xarakterini təsdiqləyir. İqtisadi göstəricilərin artması və investisiya əlaqələrinin genişlənməsi isə öz növbəsində strateji tərəfdaşlığı konkret məzmunla doldurur. Bu dinamika göstərir ki, Azərbaycanın beynəlxalq sistemdə mövqeləri nəinki sabitləşir, həm də möhkəmlənməkdə davam edir. Formalaşan çoxşaxəli əməkdaşlıq modeli gələcəkdə daha dərin inteqrasiya və yeni strateji layihələrin reallaşdırılması üçün geniş perspektivlər açır.

***

Material AZƏRTAC