İsveç Silahlı Qüvvələri həm milli qüvvələrin, həm də Ukrayna nümayəndələri də daxil olmaqla xarici kontingentlərin iştirak etdiyi genişmiqyaslı təlimlərin başladığını elan edib.

İsveç Silahlı Qüvvələrinin mətbuat xidmətinin bildirdiyinə görə, bir sıra ölkələrdən olan müttəfiqlər əvvəlcədən gəlib və indi təlimlər rəsmi olaraq başlayıb.

Təlimlərdə 16 mindən çox isveçli hərbçi, həmçinin ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, Niderland, Danimarka, Norveç, Finlandiya, Estoniya və Latviya da daxil olmaqla digər dövlətlərdən təxminən 1500 hərbçi iştirak edir.

Təlimlər mayın 13-dək davam edəcək. Əsas diqqət İsveç ərazisinin müdafiəsi və alyans çərçivəsində qarşılıqlı fəaliyyət, habelə strateji əhəmiyyətli rayonların müdafiəsinin gücləndirilməsi vəzifələrinin işlənməsinə yönəldilib.

Təlimlər əsasən ölkənin cənub və mərkəzi hissələrində, o cümlədən Qotland adası və Baltik dənizi akvatoriyasında keçiriləcək.

Sakinlərə mümkün narahatlıqlar barədə xəbərdarlıq edilib: yollarda bir kilometrə qədər uzanan hərbi texnika sütunları görünə bilər. Hakimiyyət orqanları sürücüləri hərbi sütunları ötməməyə və yolda mümkün gecikmələri nəzərə almağa çağırıb.