Bu barədə Report Ukrayna Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.

Müvafiq saziş Kiyevdə Norveçin Ukraynadakı səfiri Lars Raqnar Aalerud Qansen və Ukrayna müdafiə nazirinin Avropa inteqrasiyası üzrə müavini Sergey Boyev tərəfindən imzalanıb.

Məlumata görə, Norveç ərazisində bir neçə min mid-strike dronunun istehsalı planlaşdırılır.

Layihə Norveç tərəfi tərəfindən 2026-cı ildə Ukraynaya əvvəlcədən nəzərdə tutulmuş 7 milyard dollarlıq müdafiə dəstəyinə əlavə olaraq ayrılan vəsait hesabına maliyyələşdiriləcək.

"Saziş döyüş meydanında effektivliyini sübut etmiş Ukrayna texnologiyalarının istehsalının miqyasını genişləndirmək və hər iki ölkənin müdafiə qabiliyyətini gücləndirmək imkanı açır", - deyə məlumatda bildirilir.

Gözlənilir ki, layihə çərçivəsində Norveç ərazisində istehsal olunan ilk pilotsuz sistemlər cari ilin yayına qədər Ukraynaya təhvil veriləcək.

Saziş təkcə istehsalı deyil, həm də birgə tədqiqatların aparılması da daxil olmaqla ölkələr arasında kompleks sənaye əməkdaşlığının inkişafını nəzərdə tutur.

Nazirliyin məlumatına görə, 2026-cı ildə Norveç Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün Ukrayna istehsalı olan silahların alınmasına əlavə olaraq 1,5 milyard dollardan çox vəsait ayırmağı planlaşdırır.

Middle Strike (orta mənzilli) tipli dronlar taktiki FPV-dronlar (yaxın döyüş) və uzun mənzilli kamikadze-dronlar (strateji hədəflər) arasında niş tutan zərbə pilotsuz uçuş aparatları sinfidir. Onlar müasir hava döyüşünün mühüm elementinə çevrilib.