Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir tiktoker saxlanılıb.

Day.Az lent.az-a istinadən bildirir ki, 27 yaşlı Cavid Abbasov (şərti adla) öz fotosunun üzərinə qeyri-etik və nalayiq ifadələr yazaraq video düzəldib. Həmin videonu tiktok sosial şəbəkəsində idarəçisi olduğu "Qara qartal" səhifəsində paylaşıb. Bununla da o, ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verib.

Faktla bağlı C. Abbasov polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

C. Abbasov əməlindən peşman olduğunu və paylaşımı edərkən sərxoş olmasını bildirib. O, gələcəkdə bir daha belə hallara yol verməyəcəyini deyərək, barəsində yüngül cəza tətbiq olunmasını istəyib.

Məhkəmənin qərarı ilə o, 700 manat inzibati qaydada cərimələnib.