Bunu Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin üçüncü katibi Qəmər Səfərova

"Qlobal enerji keçidinin sürətləndirilməsi: bərpa olunan enerji, enerji səmərəliliyi və beynəlxalq əməkdaşlığın inkişafı"

mövzusunda keçirilən qeyri-rəsmi interaktiv dialoq zamanı bildirib.

"Bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi və enerji səmərəliliyinin artırılması istiqamətində mühüm irəliləyişlər əldə olunsa da, bu sahədə ciddi çağırışlar hələ də qalmaqdadır. Bütün ölkələrin, xüsusilə inkişaf etməkdə olan dövlətlərin enerji keçidinin yaratdığı imkanlardan faydalana bilməsi üçün investisiya boşluqları aradan qaldırılmalı, elektrik şəbəkəsi infrastrukturu modernləşdirilməli, enerji saxlama sistemləri genişləndirilməli, maliyyələşməyə və texnologiyalara çıxış təmin edilməlidir. Bu kontekstdə beynəlxalq əməkdaşlıq və səmərəli tərəfdaşlıqlar əvəzsiz əhəmiyyət daşıyır. Azərbaycan hesab edir ki, transsərhəd əməkdaşlıq və çoxtərəfli tərəfdaşlıqlar enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və eyni zamanda qlobal iqlim məqsədlərinin irəlilədilməsində mühüm rol oynaya bilər. COP29-a sədrliyi dövründə Azərbaycan beynəlxalq əməkdaşlığın gücləndirilməsi və iqlim gündəliyinin əsas istiqamətləri üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi istiqamətində fəaliyyət göstərib. Bakı İqlim Birliyi Paktı çərçivəsində yüksək keyfiyyətli karbon bazarlarının fəaliyyətə başlaması istiqamətində uzun müddət gözlənilən irəliləyişdən tutmuş, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tarixində ilk dəfə olaraq iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv hədəfin razılaşdırılmasına və İtki və Zərərə Cavab Fondunun tam fəaliyyətə başlamasına qədər bütün istiqamətlər üzrə mühüm nəticələr əldə olunub. Azərbaycan bərpa olunan enerjinin sürətli inkişafının müasir və dayanıqlı elektrik enerjisi sistemlərinin yaradılması ilə müşayiət olunmalı olduğunu nəzərə alaraq, təhlükəsiz, etibarlı və dayanıqlı təmiz enerji keçidinin əsas şərtləri kimi elektrik şəbəkələri və enerji saxlama sistemlərinə investisiyaların artırılmasını təşviq edən "COP29 Global Energy Storage and Grids Pledge Initiative"

təşəbbüsü ilə də çıxış edib.

Milli səviyyədə Azərbaycan "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" inkişaf strategiyasına əsaslanan genişmiqyaslı enerji şaxələndirilməsi proqramını həyata keçirir. Həmin strategiyada təmiz ətraf mühitin formalaşdırılması və "yaşıl artım" ölkəsinin qurulması ölkənin beş milli prioritetindən biri kimi müəyyən edilib. Bu siyasətə uyğun olaraq Azərbaycan ölkənin müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə böyük günəş, külək və su elektrik enerjisi layihələri həyata keçirməklə bərpa olunan enerji istehsalını genişləndirməyə davam edir.

Azərbaycanın münaqişədən sonrakı bərpa və inkişaf səyləri də ölkənin dayanıqlı və "yaşıl artım" prinsiplərinə sadiqliyini nümayiş etdirir. Ətraf mühitin qorunması və iqlim dayanıqlılığı prinsiplərinə əsaslanan bu fəaliyyət çərçivəsində müasir şəhərsalma yanaşmaları, bərpa olunan enerji həlləri, dayanıqlı infrastruktur, eləcə də "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları tətbiq olunur.

Qlobal enerji keçidinin sürətləndirilməsi praktik addımların atılmasını, tərəfdaşlıqların möhkəmləndirilməsini və bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik şəbəkələri və əlaqəli infrastruktur sahələrinə davamlı investisiyaların yatırılmasını tələb edir. Azərbaycan bərpa olunan enerjiyə, dayanıqlı infrastrukturun inkişafına və beynəlxalq əməkdaşlığa investisiya qoyuluşu yolu ilə təmiz ətraf mühitin və "yaşıl artım"ın təşviqinə sadiq qalır və hər kəs üçün faydalı olacaq inklüziv, dayanıqlı və etibarlı enerji gələcəyinin qurulması istiqamətində bütün tərəfdaşlarla əməkdaşlığa hazırdır", - deyə Qəmər Səfərova bildirib.