- В Азербайджане разработан законопроект 'О климате', регулирующий климатическую политику.
- Законопроект предусматривает создание Национального углеродного реестра.
- Оператором реестра станет Национальная гидрометеорологическая служба при Министерстве экологии.
- Законопроект устанавливает принципы 'загрязнитель платит' и справедливого перехода.
- Механизмы углеродного ценообразования не будут применяться к оборонным и чрезвычайным выбросам.
"İqlim haqqında" Azərbaycan Respublikası qanununun layihəsi ictimai müzakirənin təmin edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında "Elanlar" bölməsinə yerləşdirilib.
Hazırlanmış "İqlim haqqında" qanun layihəsi Azərbaycanın iqlim siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Sənəd ölkənin Konstitusiyasına və qoşulduğu beynəlxalq müqavilələrə uyğun olaraq aşağı emissiyalı və dayanıqlı inkişafın təmin edilməsi, istixana effekti yaradan qaz emissiyalarının azaldılması, iqlim dəyişmələrinə uyğunlaşma tədbirlərinin planlaşdırılması və icrasını tənzimləyir.
Qanun layihəsi dövlətin iqlim siyasətinin formalaşdırılması, emissiyaların azaldılması, iqlim dəyişmələrinə adaptasiya tədbirləri, karbon qiymətqoyması mexanizmlərinin tətbiqi, emissiya kvotalarının buraxılması və istifadəsi, karbon vahidlərinin və karbon layihələrinin qeydiyyatı, Milli Karbon Reyestrinin yaradılması, milli inventarlaşdırma, monitorinq, hesabatlılıq və yoxlama sisteminin təşkili, habelə iqlim sahəsində məlumatların toplanması və idarə olunmasını əhatə edir.
Layihəyə əsasən, qanun dövlət və yerli idarəetmə orqanlarına, dövlət və qeyri-dövlət hüquqi şəxslərə, müəyyən hallarda isə fiziki şəxslərə şamil ediləcək. Bununla yanaşı, dövlətin müdafiəsi, təhlükəsizliyi və fövqəladə hallar sahəsində yaranan emissiyalara karbon qiymətqoyması mexanizmləri tətbiq edilməyəcək.
Sənəddə iqlim fəaliyyəti sahəsində əsas prinsiplər kimi dayanıqlı inkişaf, elmi əsaslandırma, şəffaflıq və hesabatlılıq, ehtiyatlılıq, "çirkləndirici ödəyir" prinsipi, ədalətli keçid, ictimai iştirakçılıq və bazar əsaslı mexanizmlərin tətbiqi müəyyən edilir.
Qanun layihəsində dövlət siyasətinin əsas istiqamətləri də müəyyənləşdirilir. Bunlara iqlim siyasətinin institusional əsaslarının yaradılması, elmi və texnoloji potensialın gücləndirilməsi, emissiyaların azaldılması üzrə strateji sənədlərin hazırlanması, karbon qiymətqoymasının mərhələli tətbiqi, aşağı emissiyalı iqtisadiyyata keçid, iqlim risklərinin dövlət planlaşdırılmasına inteqrasiyası, beynəlxalq öhdəliklərin icrası və iqlim maliyyəsinin təşviqi daxildir.
Layihəyə əsasən Milli səlahiyyətli orqan funksiyalarını Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirəcək. Nazirlik Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC), Uzunmüddətli Aşağı Emissiyalı İnkişaf Strategiyasını hazırlayacaq, karbon büdcəsini formalaşdıracaq, monitorinq və hesabatlılıq sisteminin metodoloji əsaslarını müəyyən edəcək, milli inventarlaşdırmanı təşkil edəcək və beynəlxalq iqlim öhdəliklərinin icrasını təmin edəcək.
Operator funksiyalarını isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin həyata keçirməsi nəzərdə tutulur. Operator Milli Karbon Reyestrini idarə edəcək, emissiya kvotalarının və karbon vahidlərinin uçotunu aparacaq, emissiya hesabatlarını qəbul edəcək, karbon layihələrini qeydiyyata alacaq və reyestrin təhlükəsizliyini təmin edəcək.
Layihə hüquqi və fiziki şəxslərə ETS-də iştirak etmək, karbon layihələri hazırlamaq, karbon vahidləri əldə etmək, beynəlxalq karbon bazarlarında əməliyyatlar aparmaq və karbon vahidlərini könüllü şəkildə ləğv etmək hüququ verir. Eyni zamanda onlar emissiyaları müəyyən edilmiş metodologiyaya uyğun hesablamaq, monitorinq və hesabatlılıq tələblərinə əməl etmək, emissiya hesabatları təqdim etmək, məlumatların düzgünlüyünü təmin etmək və ETS tətbiq olunan hallarda müəyyən edilmiş kvotaları vaxtında təhvil vermək öhdəliyi daşıyacaqlar.
Qanun layihəsinə əsasən, ölkədə emissiyaların azaldılması məqsədilə beşillik karbon büdcəsi tətbiq olunacaq. Karbon büdcəsi həmin dövrdə ölkə üzrə buraxıla biləcək maksimum emissiya həcmini müəyyən edəcək. Karbon büdcəsinin icrası ETS, karbon vergisi və digər iqtisadi mexanizmlər vasitəsilə təmin ediləcək, emissiya limitlərinin aşılması riski yarandıqda isə əlavə iqtisadi və fiskal tədbirlər hazırlanacaq.
Sənəd karbon qiymətqoymasının hüquqi əsaslarını da müəyyən edir. Buna əsasən emissiyaların azaldılması məqsədilə iqtisadi stimullar yaradılacaq və karbon qiymətqoyması Emissiya Ticarət Sistemi (ETS) və karbon vergisi vasitəsilə həyata keçiriləcək. Eyni emissiya həcmi üzrə həm ETS, həm də karbon vergisinin paralel tətbiqinə yol verilməyəcək. ETS çərçivəsində kvotaların hərracından və karbon vergisindən əldə edilən vəsait emissiyaların azaldılması, iqlim dəyişmələrinə uyğunlaşma və ədalətli keçid tədbirlərinin maliyyələşdirilməsinə yönəldilə biləcək.
Layihədə ETS-in tətbiqi mexanizmi də ətraflı təsbit olunur. Sistemdə ümumi emissiya həddi müəyyən ediləcək, kvotalar auksion, pulsuz bölgü və ya qarışıq üsulla paylanacaq, iştirakçılar monitorinq planı hazırlayacaq, illik emissiya hesabatı təqdim edəcək və verifikasiya olunmuş emissiyalar qədər kvotanı Milli Karbon Reyestrinə təhvil verməli olacaqlar. Reyestrdən kənar əməliyyatlar hüquqi nəticə doğurmayacaq.
Layihəyə görə, müəyyən edilmiş müddətdə emissiya kvotalarını təhvil verməyən ETS iştirakçıları hər ton karbon dioksid ekvivalenti üzrə Nazirlər Kabinetinin müəyyən edəcəyi məbləğdə cərimə ödəyəcəklər. Təkrar və ya ciddi pozuntu hallarında isə onların Milli Karbon Reyestrində əməliyyat aparmaq hüququ müvəqqəti məhdudlaşdırıla və ya dayandırıla biləcək.
Qanun layihəsində karbon bazarının fəaliyyəti də tənzimlənir. Milli Karbon Reyestri karbon vahidlərinin buraxılması, köçürülməsi, istifadəsi və ləğvini uçota alan dövlət informasiya sistemi olacaq. Karbon layihələrinin qeydiyyatı yalnız əlavə emissiya azaldılması, ölçülə bilmə, yoxlanıla bilmə, ikiqat sayımın istisna edilməsi, sızma risklərinin idarə olunması və sosial-ekoloji təminatlar mövcud olduqda mümkün olacaq. Karbon kreditləri yalnız akkreditə olunmuş müstəqil qurum tərəfindən təsdiqlənmiş emissiya azaldılması və ya udulma nəticələrinə əsasən yaradılacaq.
Sənəddə monitorinq, hesabatlılıq və yoxlama sistemi ayrıca tənzimlənir. Emissiya hesabatları müstəqil akkreditə olunmuş verifikator tərəfindən yoxlanılacaq. Müsbət verifikasiya rəyi olmadan ETS üzrə hesablaşmalar aparılmayacaq, karbon kreditləri buraxılmayacaq və digər bazar mexanizmləri tətbiq edilməyəcək.
Layihədə Milli Adaptasiya Planının hazırlanması da nəzərdə tutulur. Planda iqlim risklərinin qiymətləndirilməsi, prioritet sektor və regionlar, uyğunlaşma tədbirləri, maliyyələşmə mənbələri, icra mexanizmləri və məsul qurumlar müəyyən ediləcək. Dövlət investisiya proqramları hazırlanarkən də iqlim riskləri nəzərə alınacaq.
Qanun layihəsi ədalətli keçid məsələlərini də əhatə edir. Karbon qiymətqoyması mexanizmlərinin məşğulluğa, gəlirlərə və həssas sosial qruplara təsiri qiymətləndiriləcək, peşə hazırlığı, yenidən ixtisasartırma, iqtisadi fəaliyyətin şaxələndirilməsi, sosial müdafiə və kiçik və orta sahibkarlığın dəstəklənməsi tədbirləri həyata keçiriləcək.
Bununla yanaşı, maliyyə sektorunda fəaliyyət göstərən banklar, sığorta təşkilatları, investisiya şirkətləri və digər subyektlər iqlim risklərini müəyyən etməli, qiymətləndirməli və açıqlamalı olacaqlar. Dövlət satınalmalarında isə enerji səmərəliliyi, emissiya intensivliyi, aşağı karbonlu materiallardan istifadə, tullantıların azaldılması və iqlim dayanıqlılığı kimi meyarlar nəzərə alınacaq.
Layihədə emissiyalar, karbon layihələri, karbon reyestri, iqlim maliyyəsi və monitorinq məlumatlarının vahid elektron platformada idarə olunması üçün "Rəqəmsal ekologiya" informasiya sistemi çərçivəsində iqlim məlumat alt-sisteminin yaradılması da nəzərdə tutulur. Həmçinin iqlim siyasəti ilə bağlı məlumatların açıqlığı təmin ediləcək, ictimai dinləmələr keçiriləcək və onların nəticələri ictimaiyyətə təqdim olunacaq.
Qanun layihəsində öhdəliklərin pozulmasına görə inzibati və cinayət məsuliyyəti də nəzərdə tutulur. Emissiya hesabatlarının təqdim edilməməsi, yanlış məlumat verilməsi, monitorinq planına əməl olunmaması, ETS və karbon vergisi üzrə öhdəliklərin yerinə yetirilməməsi, karbon kreditlərinin qanunsuz buraxılması və Milli Karbon Reyestri qaydalarının pozulması inzibati məsuliyyət yaradacaq. Saxtakarlıq, sənəd saxtalaşdırılması, bazar manipulyasiyası və digər cinayət əməlləri aşkarlanarsa materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək.
Sənədə əsasən, ETS, karbon vergisi və monitorinq sistemləri mərhələli və ya pilot qaydada tətbiq edilə biləcək. Pilot mərhələdə emissiya hesabatlılığı və məlumat təqdimetmə öhdəlikləri qüvvədə qalacaq, nəticələr əsasında isə sistemin tam tətbiqi və ya parametrlərinin yenidən müəyyənləşdirilməsi barədə qərar veriləcək.
Комментарии
Загрузка…
Оставить комментарий